Mühasibat uçotu
Mühasibat uçotu — müəssisələr və korporasiyalar kimi iqtisadi qurumlar haqqında maliyyə və qeyri-maliyyə məlumatlarının ölçülməsi, işlənməsi və ötürülməsi."Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.Mühasibat uçotu — vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.
Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.
İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır.
Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.
Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.
Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür:
daxili istifadəçilər (insiders);
kənar istifadəçilər (outsiders).